SİYASƏT
ELM ADAMLARI ÜMUMMILLI LİDERİMİZ HEYDƏR ƏLİYEVƏ EHTİRAMLARINI BİLDİRİRLƏR
Bakı, 12 dekabr (AZƏRTAC). Dekabrın 12-də Fəxri xiyabana gələnlər arasında AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru professor Maisə Rəhimova da var idi.
Maisə xanım demişdir:
-Elm adamları ümummilli liderimiz Heydər Əliyevə ehtiramlarını bildirmək üçün buraya gəlmişlər. Ümummilli liderimizi dünya tarixində əhəmiyyətli rol oynamış bir çox dövlət adamları ilə müqayisə edirlər. Lakin kiminlə, hansı şəxsiyyətlə müqayisə edilməsindən asılı olmayaraq, Heydər Əliyev özünəməxsus və bənzərsiz, heç bir tarixi şəxsiyyətlə müqayisəolunmaz, dünya siyasətində öz dəst-xətti olan bir tarixi şəxsiyyətdir. O özünün ardıcıl və məqsədyönlü, yorulmaq bilmədən göstərdiyi dövlətçilik və siyasi fəaliyyəti ilə müasir müstəqil Azərbaycan dövlətinin banisi, xilaskarı və qurucusu olmaqla bərabər, həm də XX əsrin dünya siyasətinə silinməz izlərini həkk edən tarixi şəxsiyyətdir. Azərbaycan xalqının şan-şöhrətini dünyaya yayaraq, “azərbaycanlı” sözünü bütün dünyada tanıdaraq demişdir: “Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam”. İndi təkcə Azərbaycandə yox, onun hüdudlarından kənarda, ayrı-ayrı xarici dövlətlərdə yaşayan tarixçilər, politoloq-alimlər, yazıçılar və şairlər, müxtəlif sənət adamları Heydər Əliyev şəxsiyyətinə olan sonsuz məhəbbət, sədaqət və hörmət hisslərini hər biri öz sahəsi üzrə bildirməyə çalışırlar. Qeyd edim ki, Heydər Əliyev elmə, biliyə, elm adamlarına xüsusi diqqət yetirmiş, alimlərin çalışmaları üçün münbit şərait yaratmışdır. Ulu öndər siyasi rəhbərliyə gəldikdən sonra Azərbaycan elmi xüsusi inkişaf mərhələsinə qədəm qoymuş və bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə başçısı İlham Əliyev bu ənənəni layiqincə davam etdirir. Ulu öndər tariximizin daha dərindən tədqiq edilməsinə və öyrənilməsinə daim diqqət və qayğı göstərmişdir. Məhz müdrik siyasətçinin yorulmaz fəaliyyəti sayəsində Azərbaycan elm və təhsil sahəsində yüksək nailiyyətlər qazanmışdır.