ELM VƏ TƏHSİL
Elm və təhsil sahəsində Ukrayna-Azərbaycan əməkdaşlığının perspektivləri müzakirə edilmişdir
Kiyev, 8 noyabr (AZƏRTAC). Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Taras Şevçenko adına Kiyev Milli Universitetində (KMU) bu ali təhsil ocağının rektoru Leonid Quberski ilə görüşmüşdür.
Görüşdə cari məsələlər, elm və təhsil sahəsində ikitərəfli münasibətlərin perspektivləri, KMU və Azərbaycanın ali məktəbləri arasında tələbə və müəllim mübadiləsi məsələləri müzakirə edilmişdir.
Ukrayna nümayəndə heyətinin tərkibində Bakıda Beynəlxalq Humanitar Forumunun işində iştirakına yaradılan imkana görə Azərbaycan diplomatına minnətdarlığını bildirən L.Quberski Prezident İlham Əliyevin yeritdiyi siyasət sayəsində Azərbaycanın iqtisadi və sosial inkişafda qazandığı nailiyyətlərə həqiqətən heyran qaldığını bildirmişdir.
L.Quberski hazırda universitetdə 151 azərbaycanlı tələbənin təhsil alması barədə səfirə məlumat verərək demişdir ki, burada onların təhsil almaları və yataqxanada yaşamaları üçün yaxşı şərait yaradılmışdır.
Azərbaycan səfiri verilən informasiyaya, azərbaycanlı tələbələrə göstərilən diqqət və qayğıya görə, habelə yüksək ixtisaslı mütəxəssislər hazırladığına görə Ukrayna tərəfinə minnətdarlığını bildirmişdir.
Görüşdə KMU-da Azərbaycan Mədəniyyətinin Öyrənilməsi Mərkəzinin (AMÖM) yaradılması imkanları müzakirə edilmişdir. Rektor bildirmişdir ki, bəzi ölkələr hazırda universitetdə səmərəli fəaliyyət göstərən belə mərkəzlər yaratmışlar. Gələcəkdə AMÖM bazasında “Azərbaycan dili və ədəbiyyatı” bölməsi açmaq olar.
Sonra Azərbaycan səfiri və diplomatik nümayəndəliyin əməkdaşları KMU-da təhsil alan azərbaycanlı tələbələrlə görüşmüşlər.
Görüşdə KMU-nun beynəlxalq münasibətlər üzrə prorektoru, professor Pyotr Bex, universitetin əcnəbi tələbələrlə iş üzrə dekanı Yuri Nosik, Ukraynada Azərbaycanlı Gənclər İttifaqının başçısı Anar Tahirov, habelə müxtəlif fakültələrin dekanlarının müavinləri və KMU-nun professorları iştirak etmişlər.
Görüşdə azərbaycanlı tələbələr öz fikirlərini bölüşmüş, təhsil və yaşayışla bağlı müxtəlif məsələləri müzakirə etmişlər.
Sonda Azərbaycan dövlətinin başçısı İlham Əliyevin xaricdə təhsil alan azərbaycanlı tələbələrə daim diqqət və qayğı göstərdiyini xüsusi vurğulayan səfir onlara ölkəmizi layiqincə təmsil etməyi və Azərbaycan gənclərini ön sıralarda olmağa çağırmışdır.
Zeynal Ağazadə
AZƏRTAC–ın xüsusi müxbiri
Kiyev