İQTİSADİYYAT
“Elmlər Akademiyası” stansiyasında elektrik yarımstansiyasının yenidən qurulması həlledici mərhələdədir
Bakı, 25 noyabr, AZƏRTAC
“Elmlər Akademiyası” metro stansiyasının ikinci giriş-çıxışı ilə yanaşı, burada yerləşən 6 saylı dartı-alçaldıcı elektrik yarımstansiyasının yenidən qurulması da həlledici mərhələdədir.
“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, yarımstansiyanın istifadəyə verilməsi istiqamətində son addımlar atılır. 10 kilovolt, 825, 380 və 220 voltluq paylayıcı qurğular, düzləndirici aqreqatlar, güc, işıqlandırma və SAT transformatorları, eləcə də sabit cərəyan, ventilyasiya, soyutma kimi avadanlıq və sistemlər artıq tam quraşdırılıb. Vestibül və kassa zalı səviyyəsində işıqlandırma tamamlanıb. Əsas çıxış kabellərinin çəkilməsi və yükpaylayıcı qurğulara qoşulması, akkumulyator gücləndiricilərinin qoşulması ilə yanaşı, eskalator, ventilyasiya, işçi və qəza işıqlanma dövrəsinin, həmçinin yarımstansiyanın daxili tələbat kabellərinin tam çəkilərək qoşulması başa çatdırılıb.
Dartı sahəsinin qoşulmasının səlis şəkildə yerinə yetirilməsi məqsədilə məşqlər bir neçə gün davam etməklə müxtəlif mərhələlər əsasında həyata keçirilib və əməliyyat tam incələnib. Nəhayət, bir həftə ərzində qatarların hərəkətini təmin edən hissəsinin mərhələli qoşulması yerinə yetirilib. Real zaman şəraitində sınaqlar da uğurla başa çatdırıldıqdan sonra yarımstansiya tam gücü ilə fəaliyyət göstərməyə hazır vəziyyətə gətirilib.