İQTİSADİYYAT
Elşad Nəsirov: Azərbaycan qazının Avropaya nəqli üçün ən sərfəli ixrac marşrutunu seçməliyik
Bakı, 2 noyabr (AZƏRTAC). Hazırda Azərbaycan 5 ölkəyə milyardlarla kubmetr həcmində təbii qaz ixrac edir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Elşad Nəsirov Bakıda keçirilən “Milli neft strategiyasında Dövlət Neft Fondunun yeri və rolu” mövzusunda konfransda bildirmişdir.
Şirkətin vitse-prezidenti diqqətə çatdırmışdır ki, Türkiyə, Gürcüstan, İran, Yunanıstan və Rusiyaya milyardlarla kubmetr həcmində Azərbaycan qazı nəql edilir.
Azərbaycan qazının Avropaya nəqli üçün Bakı-Tbilisi-Ceyhan neft kəmərində olduğu kimi, ən sərfəli ixrac marşrutunu seçməliyik, - deyən E.Nəsirov burada söhbətin təkcə “Şahdəniz” yatağından deyil, Azərbaycanın digər yataqlarından çıxarılacaq qazdan da getdiyini vurğulamışdır.
Oktyabrın 25-də Azərbaycan ilə Türkiyə arasında imzalanan müqaviləyə toxunan vitse-prezident bildirmişdir ki, yeni sazişə əsasən Türkiyə Azərbaycandan ildə 6,6 milyard kubmetr qaz alacaqdır. Çərçivə sazişinə görə isə, Türkiyə ərazisindən istifadə olunmaqla 10 milyard kubmetr həcmində Azərbaycan qazı Avropaya nəql olunacaqdır.
Müqaviləyə əsasən, Azərbaycan tərəfi yaradılacaq konsorsiumla birlikdə yeni qaz kəmərinin tikilməsi variantını nəzərdən keçirəcəkdir.