İDMAN
Elxan Məmmədov: Azərbaycanın böyük turnirlər keçirmək üçün potensialı vardır
Bakı, 17 oktyabr (AZƏRTAC). Futbol üzrə “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan - 2012” barədə artıq keçmiş zamanda danışırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi, “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan - 2012”nin Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov demişdir.
Bildirmişdir ki, lakin geridə qalan bu turnir bizə gələcəyə daha nikbin nəzərlərlə baxmağımız üçün əsas verir. İlk növbədə böyük və uzunmüddətli turnirlərin təşkilində xeyli təcrübə əldə etdik. İnfrastrukturla bağlı irəliyə doğru iri addımlar atıldı. 8 km, Bayıl stadionları inşa olunmuş, “Şəfa Arena”da əsaslı təmir işləri aparılmış, “Bakı” futbol klubunun təlim-məşq bazasında standartlara cavab verən 3 məşq meydançası salınmışdır.
Bunlardan əvvəl isə “Dalğa Arena” tikilərək istifadəyə verilmişdir. Ən əsası isə beynəlxalq futbol qurumlarına və bütün dünyaya nümayiş etdirdik ki, Azərbaycanın böyük turnirlər keçirmək üçün potensialı vardır və biz bu işin öhdəsindən layiqincə gəlməyi bacarırıq.