SİYASƏT
ƏMƏK MƏCƏLLƏSİNƏ EDİLƏCƏK ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR ÖLKƏ VƏTƏNDAŞLARININ ƏMƏK HÜQUQLARININ DAHA MÜKƏMMƏL MÜDAFİƏSİNƏ ŞƏRAİT YARADACAQDIR
Bakı, 5 fevral (AZƏRTAC). Əmək Məcəlləsinə əlavələr və dəyişikliklər ediləcəkdir. Bu dəyişikliklər Azərbaycan vətəndaşlarının əmək hüquqlarının daha mükəmməl müdafiəsinə şərait yaradacaq, qanundakı bir sıra boşluqları aradan qaldıracaqdır.
Bu barədə fevralın 5-də Milli Məclisin (MM) sosial siyasət daimi komissiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Əmək Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə dair birgə keçirdikləri elmi-praktik konfransda məlumat verilmişdir.
Akademiyanın rektoru, professor Seyfəddin Qəndilov Azərbaycanda həyata keçirilən islahatlardan danışmış, qanuna təklif olunan dəyişikliklərin həmin islahatların bir hissəsi olduğunu diqqətə çatdırmışdır.
Parlamentin sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli bildirmişdir ki, son 3 il ərzində bir neçə vacib qanunun, eləcə də Əmək Məcəlləsinin monitorinqi keçirilmişdir. Monitorinqin nəticəsi olaraq vətəndaşların əmək hüquqlarının daha mükəmməl qorunması üçün Məcəlləyə bir sıra əlavələrin və dəyişikliklərin edilməsi məqsədəuyğun sayılmışdır. Bugünkü konfransın əsas məqsədi də həmin dəyişiklikləri bir daha nəzərdən keçirmək və yekun qərar qəbul etməkdir.
MM sosial qanunvericilik şöbəsinin əmək qanunvericiliyi sektorunun müdiri Hacı Mirhəşim Seyid Məcəlləyə təklif olunan dəyişikliklər barədə ətraflı məlumat vermişdir. O demişdir ki, layihədə 33 maddəyə 120-dən çox əlavə və dəyişiklik edilməsi nəzərdə tutulmuşdur.
Dəyişikliklərdə mövsümi işlərdə çalışan işçilərə məzuniyyətin, bir qayda olaraq, mövsümün sonunda hər iş ayına görə iki təqvim günü müddətində verilməsi, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınların 250 təqvim günü ödənişli məzuniyyətin verilməsi, əmək məzuniyyətlərinin verilməsində növbəlilik, yaxın qohumların toy və dəfn mərasimlərində iştirak etmək üçün işçilərə 5 təqvim gününədək məzuniyyətin verilməsi və s. ciddi müddəalar əksini tapmışdır.
Sonra parlamentin insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, MM-in deputatı Səttar Mehbalıyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, deputatlar Yaqub Mahmudov, Elmira Axundova, Musa Quliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi, Maliyyə nazirliklərinin və digər dövlət qurumlarının nümayəndələri çıxış etmiş, layihə ilə bağlı rəy və təkliflərini bildirmişlər.
Qeyd olunmuşdur ki, bu gün Azərbaycan dünyada islahatçı ölkə nüfuzunu qazanmışdır. Bu dəyişikliklər bütövlükdə insan hüquq və azadlıqlarının qorunması baxımında və Azərbaycan Prezidentinin həyata keçirdiyi islahatların uğurlu davamı kimi olduqca yüksək qiymətləndirilmişdir.
Qanun layihəsi yaxın günlərdə Milli Məclisin müzakirəsinə çıxarılacaqdır.