ELM VƏ TƏHSİL
“Ən yaxşı müəllim” müsabiqəsi üzrə fənn komissiyalarının üzvləri ilə görüş keçirilmişdir
Bakı, 11 mart (AZƏRTAC). Təhsil naziri Misir Mərdanov “Ən yaxşı müəllim” müsabiqəsi üzrə fənn komissiyalarının üzvləri ilə görüşmüşdür.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Misir Mərdanov artıq altıncı ildir keçirilən “Ən yaxşı müəllim” müsabiqəsinin 3 mərhələdən ibarət olduğunu söyləmişdir. Bəzi statistik göstəricilərə toxunan M.Mərdanov qeyd etmişdir ki, müsabiqədə iştirak üçün sənəd vermiş 481 nəfərdən 477-nin sənədi ekspertizadan keçirilmişdir.
Təhsil naziri iştirakçıların bölgələr üzrə təsnifatını nəzərə çatdıraraq, müsabiqəyə qatılan müəllimlərin çoxunun paytaxtdakı təhsil müəssisələrini təmsil etdiyini söyləmişdir.
M.Mərdanov ötən illə müqayisədə bu il fənn komissiyalarının tərkibində bir sıra dəyişikliklər olunduğu, komissiyalara 33 yeni ekspertin daxil edildiyi barədə məlumat vermişdir. Bildirmişdir ki, dərslərin dinlənilməsi qrafikinə uyğun olaraq müsabiqənin II mərhələsinə martın 11-dən başlanılır.
Qiymətləndirmə meyarlarında dəyişiklik edilmədiyini deyən Misir Mərdanov mövcud meyarları bir daha görüş iştirakçılarının nəzərinə çatdırmış, hər bir meyarın maksimum 10 balla qiymətləndirildiyini xatırlatmışdır.
Sonra fənn komissiyalarının üzvlərinə tapşırıq və tövsiyələrini verən təhsil naziri Azərbaycan Prezidentinin müvafiq Sərəncamı əsasında keçirildiyi və qaliblərə yüksək məbləğdə pul mükafatı verildiyi üçün müsabiqənin böyük nüfuz qazandığını bildirmişdir. İctimaiyyətin diqqət mərkəzində olan bu müsabiqənin nüfuzunun qorunması işinə hər kəsin çox həssaslıqla yanaşmasının vacibliyini vurğulayan nazir, fənn komissiyalarının üzvlərinə fəaliyyətlərində qeyd olunan cəhətləri nəzərə almağı tövsiyə etmişdir.
Sonra müsabiqə iştirakçılarının dərslərinin dinlənilməsi ilə bağlı fikir mübadiləsi aparılmış, hər bir iştirakçının öz layiqli qiymətini alacağına əminlik ifadə olunmuşdur.