ELM VƏ TƏHSİL
“Ən yaxşı tələffüz” müsabiqəsinin qalibləri mükafatlandırılacaqlar
Bakı, 19 dekabr, AZƏRTAC
Dekabrın 19-da Azərbaycan Dillər Universitetinin (ADU) Heydər Əliyev adına Muzey-Lektoriyasında tələbələr arasında “Ən yaxşı tələffüz” müsabiqəsinin yekun mərhələsi keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, ənənəvi müsabiqə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunub.
İngilis dilinin fonetikası kafedrasının təşkilatçılığı ilə keçirilən yarışmada pedaqoji fakültənin, o cümlədən “SABAH” və Esseks qruplarının II kurs tələbələri ingilis dilində tələffüz bacarıqlarını nümayiş etdiriblər.
Bu ilin iyununda başlanmış müsabiqənin birinci mərhələsində iştirak edən 50-dək tələbə arasından seçilmiş 14 nəfər birincilik uğrunda mübarizə aparıb.
Münsiflər heyəti müsabiqəyə qatılan tələbələrin dil bacarıqlarını 10 ballıq sistem üzrə qiymətləndirib.
Qaliblərə pul mükafatı və diplom təqdim ediləcək.