ELM VƏ TƏHSİL
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Bakı, 5 may, İ.Əsədov, G.Məlikova, AZƏRTAC
Məktəblilər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən “Ən yaxşı təqdimat” müsabiqəsi başa çatıb.
Mayın 5-də “Gülüstan” Sarayında müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi olub.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.
Dövlət qurumlarının nümayəndələrinin, Milli Məclisin deputatlarının, ali məktəb rektorlarının, təhsil işçilərinin, şagirdlərin iştirak etdikləri tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Mərasimdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov ulu öndər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, Ümummilli Liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb.
Nazir dövlətimizin başçısının apardığı müdrik və məqsədyönlü siyasət nəticəsində Azərbaycanın dinamik inkişaf etdiyini söyləyib.
Təhsil sahəsində səmərəli proqram və layihələr həyata keçirildiyini qeyd edən M.Cabbarov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq reallaşdırılan tədbirlərdən danışıb. Nazir Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təhsilə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. Son 10 ildə üç mindən çox məktəb binasının inşa edildiyini və tədris ocaqlarının maddi-texniki bazalarının daha da möhkəmləndirildiyini xatırladan M.Cabbarov təhsildə qazanılan uğurları, qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Nazir məktəblilər arasında təşkil olunan müsabiqənin əhəmiyyətini vurğulayıb.
Eyni zamanda, məlumat verilib ki, ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsi Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsi tərəfindən birgə təşkil olunub. Müsabiqənin nəticələrinə əsasən, 5 nəfər birinci, 11 nəfər ikinci, 16 nəfər üçüncü dərəcəli diploma, 18 nəfər isə tərifnaməyə layiq görülüb.
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov dahi rəhbər Heydər Əliyevin misilsiz tarixi rolundan danışıb və qeyd edib ki, Ulu Öndərin zəngin irsinin dərindən öyrənilməsi olduqca önəmli və zəruridir.
Ölkəmizdə uğurlu təhsil islahatlarının aparıldığını bildirən Ə.Əhmədov Prezident İlham Əliyevin bu sahəyə böyük əhəmiyyət verdiyini xatırladıb.
Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ümummilli lider Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı müstəsna xidmətlərindən danışıb, müsabiqənin qaliblərini təbrik ediblər.
Sonra qaliblərə mükafatlar təqdim olunub.