DÜNYA
Enerjidaşıyıcılarının bahalaşması almanlarda narahatlıq doğurur
Berlin, 11 fevral, AZƏRTAC
Fevralın əvvəlindən Almaniyada qazın və elektrik enerjisinin qiyməti yenidən kəskin şəkildə artıb.
AZƏRTAC Federal İstehsalçılar Assosiasiyası tərəfindən aparılmış rəy sorğusunun yekunlarına istinadla xəbər verir ki, arası kəsilməyən bu tendensiya alman istehlakçıların əksəriyyətində həyəcan, qeyri-müəyyənlik və inamsızlıq hissləri doğurur. Bu hisslər bütövlükdə qiymətlərin, o cümlədən enerjidaşıyıcılarının qiymətlərinin artmasının fəsadları ilə bağlı qorxuya əsaslanır.
Rəy sorğusunda iştirak etmiş almanların 62 faizi qiymətlərin artmasından narahat olduqlarını bildirib, respondentlərin 36 faizi isə kifayət qədər təmkinli olublar. Respondentlərin 71 faizi “hökumət tədiyə qabiliyyəti olmayan və intizamsız (yəni, hesabların ödənilməsini gecikdirən) əhali üçün qaz və elektrik təchizatının kəsilməsi hallarını müvəqqəti dayandırmalıdırmı?” sualına müsbət cavab verib.
İndi hökumət enerji daşıyıcılarının yeni tarifləri ilə əlaqədar əhalini dəstəkləmə proqramı hazırlayır. Evlərin qızdırılması üçün birdəfəlik subsidiya tətbiq olunub. Elektrik enerjisinə görə ödənişə əlavələr ləğv edilib. Enerji daşıyıcılarının yüksək qiymətləri ilə əlaqədar şəhərətrafı nəqliyyatda gediş xərclərinin federal xəzinədən ödənilməsi barədə təklif də müzakirə olunur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin