İDMAN
Eray Turan: İsti münasibətə və yüksək səviyyədə qarşılanmaya görə Azərbaycan xalqına minnətdarıq VİDEO
Bakı, 16 may, L.Mustafayeva, P.İmanova, AZƏRTAC
Qardaş ölkədə keçirilən IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmək bizim üçün olduqca qürurvericidir. Buna görə də həyəcanımız və gərginliyimiz nisbətən azdır. Burada özümüzü doğma evimizdəki kimi hiss edirik. İsti münasibətə və yüksək səviyyədə qarşılanmaya görə Azərbaycan xalqına minnətdarlığımızı bildiririk.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Türkiyənin su polosu komandasının üzvü Eray Turan söyləyib.
“Səudiyyə Ərəbistanı ilə qarşılaşma olduqca gərgin keçdi. Rəqibimizin güclü olmasına baxmayaraq biz növbəti dəfə qalib gəldik. Bu, bizim su polosu yarışlarında üçüncü qələbəmizdir. Sabah isə İran millisi ilə qarşılaşacağıq. İran komandası da bu gün çox maraqlı oyun nümayiş etdirdi. Finaldakı rəqibimizin güclü və təcrübəli olmasına baxmayaraq, hədəfimiz qızıl medal qazanmaqdır”, - deyə E.Turan əlavə edib.