SİYASƏT
Ərəb mediası Prezident İlham Əliyevin Rusiya ilə əməkdaşlığın inkişafına dair fikirlərinə geniş yer verib
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən Bakı ilə Moskva arasında əməkdaşlığın inkişafına dair söylədiyi fikirlər ərəb ölkələrinin mediası tərəfindən geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, “Əl Əhram”, “Şuruq”, “Pressbee”, “Mobtada” qəzet və portallarında dərc olunmuş yazılarda Prezident İlham Əliyevin ötən ilin Rusiya ilə əlaqələrin inkişafı baxımından əlamətdar olduğu barədə sözləri ön plana çıxarılıb. Yazılarda diqqətə çatdırılıb ki, Azərbaycan dövlətinin başçısı prezidentlər səviyyəsində bir neçə görüşün olduğunu, həmçinin XİN rəhbərlərinin, hökumətlərin və parlamentlərin sədrlərinin qarşılıqlı səfərlərinin həyata keçirildiyini bildirib. Prezident İlham Əliyevin bu görüş və səfərlərin iki ölkə arasında münasibətlərin sürətlə inkişaf etdiyini, çox mühüm məsələlərin həll olunduğunu göstərdiyi barədə fikirləri ərəbdilli oxucuların diqqətinə çatdırılıb.
Qeyd edilib ki, Prezident İlham Əliyev ənənəvi qarşılıqlı fəaliyyət sahələrində - siyasi dialoq, energetika, nəqliyyat, ticarət, humanitar əməkdaşlıq və müttəfiqlik qarşılıqlı fəaliyyət səviyyəsinə çatdırılmalı olan sahələrdə də ciddi qarşılıqlı addımlara ümid bəslədiyini bildirib. Dövlətimizin başçısının iki ölkənin vətəndaşlarının qarşılıqlı səfərlərinin koronavirusdan əvvəlki dinamikasının bərpa edilməsi, buna sübut olaraq hər həftə Rusiya və Azərbaycan aviadaşıyıcılarının 135 reys yerinə yetirməsi, ölkələrimizin vətəndaşlarının bir-birini böyük məmnuniyyətlə ziyarət etməsi barədə fikirlərinə də xüsusi yer verilib.