DÜNYA
Ermənilər Parisdəki Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirmişlər
Paris, 9 mart (AZƏRTAC). Martın 8-də özlərini “Çiçəklənən Ermənistan” hərəkatının Fransada yaşayan bir qrup tərəfdarı fevralın 18-də Ermənistanda keçirilən prezident seçkilərinə etiraz əlaməti olaraq bu ölkənin Parisdəki səfirliyinin qarşısında aksiya keçirmişdir.
Aksiya iştirakçılarından bir çoxu çıxış edərək Ermənistanda prezident seçkilərinin demokratik aparılmadığını, hələ keçən prezidentliyi dövründə ölkəni uçuruma aparan, iqtisadiyyatını iflic edən və əhalinin əksəriyyətini yoxsulluğun son həddindəki yaşayış səviyyəsinə gətirib çıxaran Serj Sarkisyanın yenidən prezident seçilməsini qətiyyətlə pisləmişlər. Onlar seçki kampaniyası zamanı çoxlu qanun pozuntularına yol verildiyini, seçicilərin seçki hüquqlarının tapdanıldığını, hakimiyyət dairələri tərəfindən seçicilərə ciddi təzyiqlər göstərildiyini bildirmişlər.
Son prezident seçkilərində kütləvi saxtakarlığa yol verildiyini qeyd edən aksiya iştirakçıları S.Sarkisyanı dəstəkləyən bir qrup məmurun varlanmaq ehtirası ilə ölkəni çapıb taladıqlarını, Ermənistanın gələcəyi üçün narahat olduqlarını demişlər. Onlar S.Sarkisyanın seçki kampaniyası dövründə verdiyi vədlərə artıq inanmadıqlarını bildirmişlər.
Aksiyada ölkəni uçuruma aparan və başqa ölkələrdən asılı edən sistemin əleyhinə şüarlar səslənmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris