MƏDƏNİYYƏT
Ermənilərin insanlığa sığmayan əməlləri heç vaxt unudulmayacaqdır
Bakı, 10 may (AZƏRTAC). Xəzər rayonunun Zirə qəsəbəsindəki mədəniyyət evində Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümünə həsr edilmiş “20 il Şuşa həsrəti ilə” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edənlər erməni tapdağı altında olan torpaqlarımızın işğal tarixindən və yağı düşmənin vəhşiliklərinin heç zaman unudulmayacağından söhbət açmışlar.
Məktəblilər öz çıxışlarında Şuşanın işğal tarixi faktını unutmadıqlarını nəzərə çatdırmış və yağı düşmən tərəfindən zəbt edilmiş ərazilərin geri qaytarılmasında fəal iştirak etmək əzmində olduqlarını bildirmişlər.
Foyedə mədəniyyət evinin rəsm dərnəyi şagirdlərinin Şuşa həsrətini əks etdirən sərgisi nümayiş olunmuşdur.
Sonda şagirdlər Şuşaya həsr etdikləri ədəbi-bədii kompozisiyanı təqdim etmişlər.