İQTİSADİYYAT
Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməyincə, Türkiyə Ermənistanla diplomatik və iqtisadi əlaqələr qurmayacaqdır
Qəbələ, 25 may (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə üçtərəfli formatda təşkil olunan Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumları ölkələrimiz arasında strateji tərəfdaşlığın daha bir göstəricisidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri mayın 25-də Qəbələdə keçirilən III Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda iştirak edən Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan jurnalistlərə müsahibəsində demişdir. O, artıq üçüncü dəfədir ki keçirilən biznes forumun Azərbaycan, Türkiyə və Gürcüstan dostluğunun və əməkdaşlığının daha bir nümunəsi olduğunu qeyd etmişdir.
Türkiyəli nazir müsahibəsində vurğulamışdır ki, Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməyincə, Türkiyə Ermənistanla diplomatik və iqtisadi əlaqələr qurmayacaqdır. Z.Çağlayan demişdir: “Türkiyə daim qardaş Azərbaycanı dəstəkləyib və bundan sonra da dəstəkləyəcəkdir”.