DÜNYA
Ermənistanda keçirilmiş prezident seçkilərindən xeyli müddət ötməsinə baxmayaraq sabitlik bərpa olunmur
Bakı, 15 mart (AZƏRTAC). Ermənistanda keçirilmiş prezident seçkilərindən xeyli müddət ötməsinə baxmayaraq sabitlik bərpa olunmur. Erməni müxalifəti bu dəfə “Azadlıq” meydanında çadır qurmağa çalışmışdır ki, bu da polislə qarşıdurmaya səbəb olmuşdur. Artıq 5-ci gündür ki, İrəvanda Ermənistan müxalifətinin başçısı Raffi Ovanesyan aclıq aksiyası keçirir.
Erməni mətbuatının məlumatına əsasən, müxalifətçi “İrs” hərəkatının mətbuat katibi Ovsep Xurşidyan bildirmişdir ki, onlar çadır qurmaqla bağlı şəhər meriyasına müraciət ediblər. Amma mer “Azadlıq” meydanında çadır qurmağı qadağan etmişdir. Polis çadır qurmaq istəyənlərin qarşısını kəsərək çadırların qurulmasına imkan verməmişdir. Baş vermiş qarşıdurmanın açıq toqquşmaya çevrilməsinin qarşısını “İrs” fraksiyasının başçısı Ruben Akopyan almışdır. O, vətəndaşları sakitliyə çağırmışdır. Bu arada Ermənistan Respublika partiyasının sədri Aram Sarkisyan Azadlıq meydanında aclıq aksiyası keçirən Raffi Ovanisyana baş çəkmişdir.
A.Sarkisyan jurnalistlərə açıqlama verərək demişdir ki, “çox təəssüf edirəm ki, bizim belə ölkəmiz vardır. Heç kimə sirr deyil ki, 500 mindən artıq insan səsini Raffi Ovanisyana vermişdir”. Ermənistan Konstitusiya Məhkəməsi isə prezidentliyə keçmiş namizəd Raffi Ovanisyanın seçkilərin nəticələri ilə bağlı müraciətini ləğv etmişdir. Məhkəmə Mərkəzi Seçki Komissiyasının qərarını təsdiqləmişdir.