SİYASƏT
Ermənistanın Gəncəyə hərbi təcavüzü ilə bağlı bir sıra beynəlxalq qurumlara və şəhərlərin rəhbərliklərinə müraciət ünvanlanıb
Gəncə, 14 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
Ermənistan hərbi-siyasi rəhbərliyinin Gəncədəki mülki obyekt və şəxslərə qarşı törətdiyi terror aktını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Avropa İdman Şəhərləri və Paytaxtları Federasiyasına, Avropa Gənclər Forumuna, müxtəlif illərdə Avropanın gənclər paytaxtları olmuş 12 şəhərin merlərinə, habelə Koreyanın Qvanqju şəhərinin rəhbərliyinə müraciət ünvanlanıb. AZƏRTAC müraciəti təqdim edir.
Gəncə şəhəri 4 oktyabr 2020-ci il tarixindən başlayaraq Ermənistan Silahlı Qüvvələri tərəfindən davamlı raket atəşinə tutulur. 11 oktyabr 2020-ci il tarixində saat 02:00 radələrində Ermənistan Silahlı Qüvvələri daha bir terror aktı törədiblər. Belə ki, hərbi əməliyyatlar zonasından xeyli kənarda yerləşən Gəncə Ermənistan ərazisindən “Skad-B” taktiki əməliyyat raket kompleksindən atılan taktiki ballistik raketlərlə yenidən atəşə tutulub. Nəticədə “Qələbə parkı”nın ətrafında yerləşən yaşayış binaları dağılıb, 5-i qadın olmaqla 10 nəfər həlak olub, 9-u uşaq, 10-u qadın olmaqla 34 nəfər yaralanıb. Ümumilikdə 4 oktyabr 2020-ci il tarixindən indiyədək 11 mülki şəxs həlak olub, 70-dən çox dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 7 yaşayış binası tamamilə dağılıb, “Grand-Qafqaz” Ticarət Kompleksinə və 100-lərlə obyektə ciddi ziyan dəyib.
Oktyabrın 10-da Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Moskvada baş tutan görüşünün nəticəsi olaraq əldə edilmiş humanitar atəşkəs rejimi Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən kobudcasına pozulur. Erməni tərəfi humanitar atəşkəsin elə ilk dəqiqələrindən beynəlxalq humanitar hüququn öhdəliklərini pozaraq, məqsədyönlü şəkildə Azərbaycanın mülki əhalisini hədəf alır, raket və artilleriya atəşinə tutur.
Beləliklə, Ermənistanın Gəncəyə terror aktı nəticəsində 3 uşaq hər iki valideynini itirib. Gəncədə olan ölkə və yerli əhəmiyyətli tarixi abidələrə, dini məbədlərə, mədəniyyət obyektlərinə, habelə təhsil müəssisələrinə ciddi ziyan dəyib. Belə ki,1887-ci ildə inşa edilmiş Aleksandr Nevski Rus Pravoslav Kilsəsi, XIV əsrin İmamzadə Dini-Memarlıq Abidə Kompleksi, vaxtilə “Kişi gimnaziyası” kimi fəaliyyət göstərən, hazırda isə Azərbaycan Dövlət Aqrar Universitetinin istifadəsində olan yerli əhəmiyyətli tarixi abidə və Nizami kinoteatrı zərər görüb. 5 məktəb və 6 körpələr evi-uşaq bağçası, həmçinin Gəncə Musiqi Kollecinin binasına ciddi ziyan dəyib.
Müraciətdə o da qeyd olunub ki, bu cür müharibə cinayətləri və terror aktlarına beynəlxalq ictimaiyyət tərəfindən lazımi reaksiyanın olmaması, erməni tərəfinin cəzasız qalması Ermənistan silahlı qüvvələrini bu çirkin və qanunsuz əməlləri davam etdirməyə təşviq edəcək.
Bu hərəkət Ermənistanın humanitar atəşkəsə riayət etmədiyinin, hərbi təcavüz və Azərbaycan ərazilərinin qanunsuz işğalını davam etdirmək niyyətinin bariz təzahürüdür.
Biz Ermənistanı beynəlxalq hüququn normaları və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar qanunlar üzərindəki öhdəliklərinə tabe olmağa və BMT Təhlükəsizlik Şurasının qətnamələrində göstərildiyi kimi, Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyri-şərtsiz çəkilməsinə dair tələbləri yerinə yetirməyə çağırırıq.