ELM VƏ TƏHSİL
“Ernst & Young” İqtisad Universitetinin maliyyə hesabatlarına müsbət audit rəyi verib
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) obyektivlik və şəffaflığın təmin edilməsi məqsədilə növbəti yeniliyə imza atılıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, ADİU-nun elmi şurasının qərarına əsasən 2014-cü il üzrə maliyyə hesabatlarının auditi həyata keçirilib. Audit dünyada böyük nüfuzu olan “Ernst & Young” şirkəti tərəfindən aparılıb.
“Ernst & Young” ADİU-nun 2014-cü il üçün maliyyə vəziyyəti və həmin il üzrə maliyyə nəticələri haqqında hesabatlar, xalis aktivlərdə dəyişikliklər haqqında və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlar, habelə mühüm mühasibat uçotu prinsipləri və digər izahedici qeydlərin icmalından ibarət olan ilkin maliyyə hesabatlarının auditini Beynəlxalq Audit Standartlarına uyğun olaraq həyata keçirib.
Nəticələrə əsasən, ADİU-nun 2014-cü il üçün maliyyə hesabatlarına müsbət rəy verilib. “Ernst & Young”ın yekun rəyinə əsasən, ADİU-nun 2014-cü il 31 dekabr tarixinə və həmin tarixdə başa çatan il üzrə ilkin maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları”na tam uyğun hesabatlardır.