İQTİSADİYYAT
Əsas kapitala yönəldilmiş vəsaitin 41,7 faizi qeyri-neft sektoruna yönəlib
Bakı, 13 oktyabr, AZƏRTAC
2017-ci ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 11 milyard 90,8 milyon manat vəsaitin 4 milyard 623,0 milyon manatı və ya 41,7 faizi qeyri-neft sektoruna sərf edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin sektorda investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 13,8 faiz artıb. Ümumi sərmayənin 73,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib, istifadə olunmuş vəsaitin 77,7 faizi məhsul istehsalı obyektlərinin, 16,0 faizi xidmət sahələri üzrə obyektlərin, 6,3 faizi isə ümumi sahəsi 1 milyon 263,0 min kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşüb.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 40,5 faizi qədər olub.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 67,5 faiz, bank kreditləri 12,2 faiz, büdcə vəsaitləri 12,7 faiz, əhalinin şəxsi vəsaitləri 5,5 faiz, büdcədənkənar fondların vəsaitləri 1,4 faiz, digər vəsaitlər isə 0,7 faiz təşkil edib.