Azərbaycan Dövlət İnformasiya Agentliyi

“ƏSRİN MÜQAVİLƏSİ”NİN ONUNCU İLDÖNÜMÜNÜN KEÇİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

2004-cü il sentyabrın 20-də “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında Sazişin imzalanmasının onuncu ildönümü tamam olur.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış, sonradan isə beynəlxalq aləmdə yüksək qiymətləndirilmiş və haqlı olaraq “Əsrin müqaviləsi” adını qazanmış bu Saziş Qanun qüvvəsinə minərək, respublikamızın salnaməsinə qızıl hərflərlə həkk olundu və Heydər Əliyevin neft strategiyasının şanlı səhifəsini açdı.

Bu tarixi hadisə xalqımızın yaddaşında əbədi yaşayacaq. Müstəqilliyini bərqərar edən Azərbaycan Respublikası öz sərvətlərinə tam sahib olduğunu dünyaya bir daha əyani şəkildə bəyan etdi.

Postsovet məkanında yaranmış dövlət ilk dəfə Qərbin iri neft şirkətləri ilə belə böyük miqyasda Saziş imzalamaqla, Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını yaratdı. Bununla da Prezident Heydər Əliyev o dövrün böhranlı sosial-iqtisadi şəraitində növbəti dəfə böyük siyasi cəsarət, dönməz iradə, dəqiq iqtisadi hesablama və dərin müdriklik nümayiş etdirərək, müstəqil Azərbaycanın yeni neft doktrinasını irəli sürdü.

Ötən zaman kəsiyində “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyinin təməl daşına çevrilərək, azad iqtisadi mexanizmlərin tətbiq edilməsini və respublikamızın dünya iqtisadiyyatına dinamik inteqrasiyasını təmin etdi, xarici investorların ölkəmizə axınını sürətləndirdi və Azərbaycanda yeni neft-qaz kontraktlarının bağlanmasına güclü təkan verdi.

Hal-hazırda imzalanmış 23 beynəlxalq neft müqaviləsi çərçivəsində görülən müştərək işlər ölkəmizə mütərəqqi texnologiyaların gətirilməsi, neft sənayesinin infrastrukturunun yenidən qurulması, nəqliyyat və xidmət sahələrinin inkişafı, yüksək peşəkar milli kadrların hazırlanması və minlərlə yeni iş yerlərinin açılması üçün geniş imkanlar açmışdır.

“Əsrin müqaviləsi”nin reallaşması Azərbaycana yalnız neft sahəsində indiyədək 7 milyard ABŞ dolları məbləğində sərmayənin qoyulmasını təmin etmişdir. 1997-ci il noyabr ayının 12-də “Çıraq” yatağından neft hasil olunmağa başlanmış və indiyə qədər bu yataqdan 34 milyon tondan artıq neft və 6 milyard kubmetr səmt qazı hasil olunmuşdur.

Son onillik ərzində Azərbaycanda ümumi neft hasilatının vəziyyəti kökündən dəyişməyə başlamışdır və nəticədə neft hasilatının səviyyəsi 1993-cü ildən 2003-cü ilə qədər olan dövrdə 10 milyon tondan 15 milyon tonadək qalxmışdır. “Azəri-Çıraq-Günəşli” yataqlarının ilkin neft layihəsi və tammiqyaslı işlənməsi üzrə “Mərhələ-1”, “Mərhələ-2” çərçivəsində mühüm işlər görülmüşdür. Belə ki, ilkin neft və qazın sahilə nəqli üçün sualtı boru kəmərləri çəkilmiş, Səngəçalda yeni müasir terminal kompleksi inşa edilmiş, “Mərhələ-3” üzrə intensiv şəkildə hazırlıq işləri aparılır.

Azərbaycan neftinin dünya bazarlarına nəqlini təmin etmək üçün “Bakı-Novorossiysk” neft kəməri bərpa edilmiş və Bakı-Supsa boru kəməri tikilib istifadəyə verilmişdir. Nəticədə, Çıraq yatağından hasil olunan neftin indi artıq “Azəri Layt” adı altında “Şərq-Qərb” dəhlizi çərçivəsində Supsa limanından qərb istiqamətində dünya bazarlarına ixrac edilməsinə başlandı.

Dörd nəhəng üzən qazma qurğusunun – “Dədə Qorqud”, “İstiqlal”, “Qurtuluş” və bu gün Xəzərin istənilən dərinliyini fəth etməyə qadir olan və Heydər Əliyevin adını daşıyan ən müasir, ən əzəmətli qurğunun istismara verilməsini ölkə sənayesinin böyük uğurlarından hesab etmək olar.

Neft-qaz sazişlərinin həyata keçirilməsindən əldə edilən valyuta və digər vəsaitlərin yığılması, səmərəli idarə və istifadə olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli Fərmanı ilə Dövlət Neft Fondu yaradılmışdır. Burada ali məqsəd – Neft Fondunun vəsaitlərini şəffaf şəkildə xalqımızın ən zəruri ehtiyaclarının həllinə yönəltmək və gələcək nəsillər üçün qoruyub saxlamaqdan ibarətdir.

Dünya miqyaslı “Şahdəniz” qaz-kondensat yatağının kəşf olunması və 2003-cü ilin fevral ayında bu yatağın işlənməsi barədə qərarın qəbul edilməsi respublikamızın gələcək inkişafı üçün geniş imkanlar açan böyük nailiyyətlərdən biri oldu.

Nəinki Azərbaycanda, hətta bütün regionda karbohidrogenlərin nəqlinin infrastrukturunu inkişaf etdirən və dünyada ən iri layihələrdən hesab olunan Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəmərinin və qazın ixracı üçün Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəmərinin tikintisi uğurla həyata keçirilir. 2005-ci ildə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin istifadəyə verilməsi hər üç ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə üçün mühüm tarixi hadisəyə çevriləcəkdir.

Beləliklə, “Əsrin müqaviləsi” ilə təməli qoyulan neft-qaz kontraktları üzrə aparılan işlər artıq keyfiyyətcə yeni, həlledici mərhələyə daxil olur. Və bu yolda əldə edilən bütün parlaq qələbələr xalqımızın ümummilli lideri, müasir Azərbaycanın banisi Heydər Əliyevin əvəzsiz rolu və misilsiz xidmətləri ilə bağlıdır.

“Əsrin müqaviləsi”nin Azərbaycan Respublikasının siyasi və iqtisadi həyatında müstəsna əhəmiyyətini nəzərə alaraq qərara alıram:

1. “Əsrin müqaviləsi”nin onuncu ildönümü 20 sentyabr 2004-cü ildə Bakı şəhərində təntənəli şəkildə qeyd olunsun. Bu məqsədlə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri

Artur Rasizadə - Azərbaycan Respublikasının Baş naziri

Təşkilat Komitəsinin üzvləri

Ramiz Mehdiyev – Azərbaycan Respublikası Prezidentinin

İcra Aparatının rəhbəri

Vahid Axundov – Azərbaycan Respublikasının iqtisadi

siyasət üzrə dövlət müşaviri

Elmar Məmmədyarov – Azərbaycan Respublikasının xarici

işlər naziri

Məcid Kərimov – Azərbaycan Respublikasının yanacaq

və energetika naziri

Polad Bülbüloğlu – Azərbaycan Respublikasının mədəniyyət

naziri

Fatma Abdullazadə - Azərbaycan Respublikası Prezidentinin

İcra Aparatının humanitar siyasət

şöbəsinin müdiri

Əli Əsədov – Azərbaycan Respublikası Prezidentinin

köməkçisi

Natiq Əliyev – Azərbaycan Respublikası Dövlət

Neft Şirkətinin prezidenti

Nizami Xudiyev – Dövlət Televiziya və Radio Verilişləri

Şirkətinin sədri

Deyvid Vudvord – bp Azərbaycan LTD şirkətinin prezidenti

2. Bu Sərəncamın 1-ci bəndinə əsasən yaradılmış Təşkilat Komitəsi təntənəli mərasimin keçirilməsi ilə əlaqədar tədbirlər proqramını hazırlasın və onun yerinə yetirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 iyul 2004-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin