İDMAN
Estoniyalı həkim Ramid Niftəliyev Beynəlxalq Kapoeyra Federasiyasına rəhbərlik edəcəkdir
Tallinn, 16 avqust (AZƏRTAC). Estoniyada fəaliyyət göstərən “Berimba” klubunun yaradılmasından bir neçə il keçir. Burada döyüş sənəti, rəqs və afro-braziliya mədəniyyəti, pozitiv energetika və özünüifadə sərbəstliyi kimi keyfiyyətləri özündə cəmləşdirən unikal məşğələlər keçirilir.
Estoniya Kapoeyra Federasiyasının prezidenti Ramid Niftəliyevin fikrincə kapoeyra ən gözəl və effektiv döyüş sənətidir. Yaxın vaxtlarda Bakıda keçirilmiş I beynəlxalq kapoeyra turnirində 11 ölkənin nümayəndələri iştirak edirdi. Estonlar həmin turnirdən iki bürünc medalla qayıtdılar.
Hərtərəfli bir insan olan Ramid Niftəliyev Tallinndə doğulmuşdur. Təbabət sahəsini həyatda halallıqla yaşamağa imkan verən peşələrdən biri kimi seçmişdir. Əvvəlcə Tallinndə feldşerlik ixtisasına yiyələnmiş, sonra Tartuda intensiv təcili təbabət üzrə ixtisaslaşmışdır. Ramid deyir: “Boş vaxtlarımda gənclərlə məşğul oluram. “Berimba” klubunda pedaqoji fəaliyyət çərçivəsində gəncləri düzgün istiqamətləndirməyə çalışıram”.
Ramid kapoeyranı ilk dəfə 15 yaşında, baş rolda Mark Dakaskasın çəkildiyi “Yalnız ən güclülər” adlı Amerika bədii filmində görmüşdü. R.Niftəliyev o dövrü belə xatırlayır: “Film mənə çox təsir etdi, kapoeyra ilə məşğul olmaq üçün seksiyalar axtarmağa başladım. Bizə ən yaxın məşq yeri Finlandiyada idi. Bu arzum o qədər güclü idi ki, kapoeyranı müstəqil öyrənməyə başladım. Bu mövzuda kitablar oxuyur, videomateriallara baxırdım”.
Tədricən onun həmfikirləri də tapıldı. Seksiya yaradıldı, uşaqlar oraya gəlməyə başladılar. Bu gün “Berimba” klubunda 100 nəfər məşğul olur. Uşaqlar, yeniyetmələr və yaşlılar üçün ayrı-ayrı qruplar yaradılmışdır.
Ramid kapoeyra üzrə Bakıda keçirilmiş birinci beynəlxalq turnirdən söhbət açaraq qeyd etdi ki, bu döyüş sənətinin potensialını görənlər kapoeyranın olimpiya idman növlərindən biri olması arzusunu bildirdilər. Braziliyadan gəlmiş nümayəndə heyətinin üzvləri isə həmin yarışlarda utandıqlarını etiraf etmişlər: kapoeyra Braziliyada yaranmasına baxmayaraq, öz vətənində heç vaxt bu cür yüksək səviyyədə olmamışdır.
Bu yaxınlarda Ramid Niftəliyevə Beynəlxalq Kapoeyra Federasiyasına rəhbərlik etmək təklif olunmuşdur. O, həmin təklifi qəbul etmişdir. Beynəlxalq Kapoeyra Federasiyası gənc təşkilatdır, 2011-ci il noyabrın 4-də qeydiyyata alınmışdır. O vaxt Azərbaycan nümayəndə heyəti Estoniyaya konfransa gəlmişdi. Elə həmin vaxt lokal federasiyaları vahid ittifaq şəklində birləşdirmək, onun inkişaf strategiyasını işləyib hazırlamaq, beynəlxalq yarışlar keçirmək ideyası yarandı. Artıq iki böyük tədbir təşkil edilmişdir.
İnsan daim inkişafda olmalıdır - Ramidin həyat devizi belədir. O deyir: “Yerində saymamaq üçün mümkün olan hər şeyi etmək, hər işdə ədalətli, obyektiv, vicdanlı olmaq lazımdır. Bu, çox çətindir, amma mümkündür”.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn