MƏDƏNİYYƏT
“Eurovision -2012” mahnı müsabiqəsinin birinci yarımfinalında çıxış edəcək ifaçıların mətbuat üçün açıq məşqi keçirilmişdir
Bakı, 21 may (AZƏRTAC). Mayın 21-də “Baku Crystal Hall”ın səhnəsində “Eurovision -2012” mahnı müsabiqəsinin birinci yarımfinalında çıxış edəcək ifaçıların mətbuat üçün açıq məşqi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, müsabiqənin iştirakçısı olan 42 ölkədən 18-nin təmsilçiləri “Baku Crystal Hall”un səhnəsində bir-birinin ardınca məşq etmişlər.
İlk olaraq səhnəyə çıxan “Eurovision-2012” şousunun aparıcıları Eldar, Leyla və Nərgiz bu mötəbər layihənin tamaşaçılarını salamlamışlar.
Daha sonra isə səhnəyə “Euro Neuro” mahnısı ilə Monteneqro təmsilçisi Rambo Amadeus çıxmışdır. İslandiyanın Gréta Salóme & Jónsi dueti, Yunanıstandan Eleftheria Eleftheriou, Latviya təmsilçisi Anmari, albaniyalı Rona Nishliu, Rumıniyanın “Mandinga”, İsveçrənin “Sinplus” qrupları, belçikalı təmsilçi İris, Finlandiyadan Pernilla Karlsson, İsrailin “Izabo” qrupu, San Marinodan olan ifaçı Valentina Monetta, Kipr təmsilçisi İvi Adamou, Danimarkadan Soluna Samay, Rusiyanın məşhur “Bronovskiye babuşki”, Macarıstanın “Compact Disco”, Avstriyanın “Trackshittaz” qrupları, Moldova təmsilçisi Paşa Parfeni və nəhayət İrlandiyanın “Jedward” qrupu öz ifalarını nümayiş etdirmişlər.
Mətbuat üçün məşq zamanı diqqəti cəlb edən əsas məqam isə səhnə arxasındakı monitorlarda nümayiş etdirilən Azərbaycanın müxtəlif guşələrinin görüntüləri olmuşdur.
Gecə saat 00.00-da isə tamaşaçıların iştirakı ilə birinci yarımfinalın 18 ölkə təmsilçisinin əsas məşqi olacaqdır.
Mayın 22-də keçiriləcək ilk yarımfinalda iştirak edən 18 ölkədən 10-u finala vəsiqə qazanacaqdır.