REGİONLAR
Evinin həyətyanı sahəsində çətənə kolları əkən Siyəzən sakini saxlanılıb
Siyəzən, 23 iyun, Elxan Yusifli, AZƏRTAC
Siyəzən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları kultivasiya yolu ilə çətənə kolları yetişdirən rayon sakinini saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, iyunun 21-də Siyəzən RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qara Siyəzən kənd sakini Bədəl Nəzərova məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilən küllü miqdarda narkotik xassəli Kannabis çətənə bitkiləri aşkarlanaraq götürülüb.
Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan yaş çəkisi 11 kq olan 87 çətənə kolu və sellofan torbada ümumi çəkisi 400 qram olan qurudulmuş marixuana aşkarlanıb.
Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.
Dindirilmə zamanı həmin şəxs çətənə kollarını apreldə əkdiyini və şəxsi istifadəsi üçün becərdiyini bildirib.
Faktla bağlı Siyəzən RPŞ-nin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.