DÜNYA
Evlərdə qaz və elektrik cihazlarından, qızdırıcı sobalardan düzgün istifadə olunmaması böyük faciələr törədə bilər
Bakı, 18 avqust (AZƏRTAC). Hər bir vətəndaş bilməlidir ki, evlərdə yanğın təhlükəsizliyi qaydalarının pozulması, qaz və elektrik cihazlarından düzgün istifadə olunmaması, uşaqların odla dəcəlliyinə etinasız münasibət insan itkisi ilə, külli miqdarda maddi ziyanla nəticələnən böyük faciələr törədə bilər.
Evlərdə qızdırıcı sobalardan istifadə edərkən yanğın təhlükəsizliyinə xüsusilə ciddi diqqət yetirmək lazımdır. Odun sobalarından istifadə zamanı onun bacalarına tez-tez nəzarət edilməli, hər qış mövsümündə təmizlənməlidir. Sobalar yanmayan əşya üzərində yerləşdirilməlidir. Pərdə, masa, taxta, parça əşyalar sobadan ən azı 60 santimetr uzaqda olmalıdır. Sobada uyğun yanacaq yandırılmalıdır. Kül metal qablarla boşaldılmalıdır.
Soba evdə hərəkətin intensiv olduğu yerdə qoyulmamalıdır. Sobanın qapağı kip bağlanmalıdır.
Soba quraşdırılan yer havalandırılmalıdır. Yatarkən elektrik sobaları şəbəkədən ayrılmalıdır. Paltar və ya digər əşyaları qurutmaq üçün elektrik sobalarından istifadə etmək yolverilməzdir.
Mətbəx sobalarının üzərinə tezalışan maddə qoyulmamalıdır.
Yemək bişirən zaman soba və ya qızdırıcı cihaz nəzarətsiz qalmamalıdır.