ELM VƏ TƏHSİL
“FASİLƏSİZ PEDAQOJİ TƏHSİLDƏ ELEKTRON TƏLİM TEXNOLOGİYALARININ TƏTBİQİ” MÖVZUSUNDA ELMİ-METODİK KONFRANS KEÇİRİLMİŞDİR
Bakı, 18 iyun (AZƏRTAC). İyunun 18-də Təhsil Nazirliyinin Fasiləsiz Pedaqoji Təhsil üzrə Koordinasiya Şurası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Müəllimlər İnstitutu Qurtuluş gününə həsr edilmiş “Fasiləsiz pedaqoji təhsildə elektron təlim texnologiyalarının tətbiqi” mövzusunda respublika elmi-metodiki konfransı keçirmişlər.
Konfransda ali və orta ixtisas təhsili müəssisələrinin nümayəndələri iştirak etmişlər.
Məqsəd son illər Azərbaycanda, xüsusilə də ADPU-da pedaqoji təhsilin informasiyalaşdırılması sahəsində əldə olunan təcrübənin konseptual, metodoloji və texniki-texnoloji aspektlərinə dair elmi-metodiki tədqiqatların nəticələrinin pedaqoji ictimaiyyətə çatdırılması və elmi ideyalar mübadiləsini həyata keçirmək idi.
ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov konfransı açaraq bildirmişdir ki, müstəqil Azərbaycanımızda 15 iyun - Milli Qurtuluş Günü xalqımızın fəlakətlərdən qurtulub, qüdrətli bir dövlətin bünövrəsinin qoyulduğu gündür. Bu gün həm də müasir tariximizə müstəqil respublikamızın hərtərəfli tərəqqisinin, hüquqi demokratik və dünyəvi dövlət quruculuğu prosesinin bünövrəsinin qoyulduğu bir gün kimi daxil olmuşdur. 1993-cü ildən bəri müstəqil Azərbaycanda həyatımızın bütün sahələrində böyük uğurlar, nailiyyətlər qazanılmışdır. Hazırda hərtərəfli tərəqqi, inkişaf yeni məzmun və keyfiyyətdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra konfrans öz işini “Təhsilin informasiyalaşdırılmasının bəzi aktual problemləri” və “Ali pedaqoji təhsilin innovativ inkişafından informasiya texnologiyalarının rolu” bölmələrində davam etmişdir.
İki gün davam edəcək konfransda 4 bölmə üzrə 70 məruzə dinləniləcəkdir.