ELM VƏ TƏHSİL
Fənn olimpiadalarının Bakı şəhər mərhələsi ilk dəfə olaraq test üsulu ilə keçiriləcək
Bakı, 9 yanvar, AZƏRTAC
Yanvarın 11-də Bakıda məktəblilərin fənn olimpiadalarının şəhər mərhələsi keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, fənn olimpiadalarının bu mərhələsində paytaxt məktəblərində ötən ilki “Bilik yarışı”nın qalibləri iştirak edəcəklər. Artıq bununla bağlı Təşkilat Komitəsi yaradılıb.
Bakının 12 rayonunu əhatə edəcək fənn olimpiadaları 18, 42, 220, 96, 114, 160, 258, 181,3, 276, 139, 95, 138, 235 nömrəli tam orta məktəblərdə təşkil olunacaq. Azərbaycan dili və ədəbiyyat, tarix, riyaziyyat, biologiya, coğrafiya, fizika, kimya və informatika fənləri üzrə keçiriləcək olimpiadaların bu mərhələsində IX-XI sinif şagirdləri iştirak edəcək,
Fənn olimpiadalarının şəhər mərhələsi bu il ilk dəfə olaraq test üsulu ilə keçiriləcək. İştirakçılar 50 sualı cavablandıracaqlar. Qaliblər olimpiadanın respublika mərhələsinə vəsiqə qazanacaqlar.
Olimpiada Bakı şəhərinin hər bir rayonu üzrə müvafiq məktəblərdə saat 10-da başlayacaq və üç saat davam edəcək.