ELM VƏ TƏHSİL
“Fərhad və Şirin” kitabı ərəb əlifbasından transliterasiya edilərək çap olunub
Bakı, 30 mart, AZƏRTAC
XIX əsrin sonu-XX əsrin əvvəlləri Qarabağ ədəbi mühitinin yetirməsi, görkəmli şair, publisist və mütərcim Cəlal Yusifzadənin 1911-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 770 illiyi münasibətilə nəşr etdirdiyi “Fərhad və Şirin” kitabı latın əlifbasına çevrilərək oxucuların ixtiyarına verilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə çap olunan kitabda Cəlal Yusifzadənin Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının təsiri ilə qələmə aldığı “Fərhad və Şirin” mənsur əsəri, “Ata-bala nəsihətləri” mənzuməsi, o cümlədən “Molla Nəsrəddin” məcmuəsində 1908-1909-cu illərdə çap olunmuş məqalələri öz əksini tapıb.
Qeyd edək ki, yeni nəşrin baş elmi məsləhətçisi akademik Teymur Kərimli, ərəb əlifbasından transliterasiya edib nəşrə hazırlayanı tarix elmləri doktoru, dosent Tahirə Həsənzadə, redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadədir. Kitab nizamisevərlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.