CƏMİYYƏT
Fevralın 2-də “İrəli” İctimai Birliyinin “İradio”su fəaliyyətə başlayacaq
Bakı, 29 yanvar, AZƏRTAC
“İrəli” İctimai Birliyi fevralın 2-də Azərbaycan Gəncləri Günü münasibətilə yeni layihəsini - “İradio”nu təqdim edəcək.
İctimai birliyin sədri Mirhəsən Seyidov AZƏRTAC-a müsahibəsində bildirib ki, “İradio”da işləmək üçün 100-dən çox gənc müraciət edib. Seçilən gənclərə mütəxəssislər tərəfindən təlimlər keçirilib, radioda 10 yeni veriliş hazırlanıb. Əsas məqsəd müasir tələblərə cavab verən funksional onlayn radioda gənclərin maraq dairəsinə uyğun verilişlərin hazırlanması, onların təcrübə qazanmalarına imkan yaratmaqdır. Radioda təcrübə qazanmış gənclər digər KİV-lərdə də fəaliyyət göstərə biləcəklər.
Mirhəsən Seyidov vurğulayıb ki, radio həftənin 7 günü fasiləsiz olaraq www.iradio.az saytında yayımlanacaq. “İradio”da Azərbaycanda və dünyada gənclərlə bağlı müsabiqələr, gənclər təşkilatlarının layihələri və s. haqqında ən son xəbərlərin işıqlandırılması nəzərdə tutulub. “İradio” gənclərə “İstintaq davam edir”, “Bir gəncin manifesti”, “Kimsən sən”, “Bənövşəyi mandarin”, “Aysberq”, “25-ci kadr”, “3 Nöqtə”, “Mənim universitetim”, “Fashion”, “Xəbər gənc” verilişlərini təqdim edəcək.