CƏMİYYƏT
FHN: Sabunçu rayonunda döyüş tətbiqinə yararlı sursatlar aşkarlanıb
Bakı, 31 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonunda sursat aşkar edilməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırıldıqdan və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırıldıqdan sonra çevik qrupun mütəxəssisləri tərəfindən hadisə yerinə baxış zamanı aşkarlanmış sursatların döyüş tətbiqinə yararlı bir ədəd RQD-5 əl qumbarası, bir ədəd partladıcısı üzərində olan UZRQM-2, 95 ədəd müxtəlif çaplı patron, 1 ədəd avtomat darağı və 1 ədəd döyüş bıçağı olduğu müəyyənləşdirilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.