MƏDƏNİYYƏT
Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş növbəti konsert
Bakı, 12 noyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbində Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin müəllimləri konsert proqramı təqdim ediblər.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, konsert xalqımızın görkəmli bəstəkarı, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr olunub.
Məktəbin fortepiano ixtisası üzrə müəllimi Sevil Cəfərzadə bəstəkarın yaradıcılığı, onun müxtəlif janrlarda bəstələdiyi əsərlər haqqında danışıb.
Sonra məktəbin müxtəlif şöbələrinin müəllimləri Fikrət Əmirovun xatirəsinə bir töhfə olaraq bəstəkarın müxtəlif əsərlərini ifa ediblər.
Konsertdə "Şur" simfonik muğamından, "Sevil" operasından, "Min bir gecə" baletindən fraqmentlər, bəstəkarın "Elegiya", "Ballada", "Prelüd" kimi instrumental əsərləri, eləcə də "Kor ərəbin mahnısı", "Reyhan", "Evləri var xana-xana" və digər əsərlər ifa olunub.
Sonda belə yaradıcılıq görüşlərinin davamlı olmasının zəruriliyi qeyd edilib.