DÜNYA
Filippin Prezidenti Cənub Çin dənizindəki mübahisəli adaya səfəri təxirə salıb
Tokio, 13 aprel, AZƏRTAC
Filippin Prezidenti Rodriqo Duterte Cənub Çin dənizindəki mübahisəli adaya planlaşdırılan səfərini Pekin bu məsələ ilə əlaqədar narahatlığını bildirdikdən sonra təxirə salıb.
Aprelin 12-də Ər-Riyadda həmyerliləri qarşısında çıxış edən R.Duterte deyib ki, Çin ilə olan dostluğu yüksək qiymətləndirdiyinə görə, o, həmin adaya getməyəcək. Prezidentin sözlərinə görə, onu xəbərdar edən Pekin bildirib ki, əgər maraqlı ölkələrin rəhbərləri mübahisəli adalara səfər edərək orada öz dövlət bayraqlarını qaldırmaq istəsələr, bu xoşagəlməz hadisələrlə nəticələnə bilər.
Xəbər verdiyimiz kimi, ötən həftə R.Duterte Cənub Çin dənizindəki mübahisəli adalara qoşun yerləşdirmək barədə bəyanat verib. O, həmçinin bildirib ki, dənizin mübahisəli hissəsində yerləşən adaya səfər edərək, orada öz ölkəsinin dövlət bayrağını qaldıracaq. Həmin səfərin iyunun ortalarında, Filippinin Müstəqillik Gününə planlaşdırıldığı güman olunurdu.
Lakin həmin bəyanatdan bir gün sonra Çin bildirib ki, Cənub Çin dənizindəki adalarla əlaqədar Filippin Prezidentinin bəyanatından narahatdır və ümid edir ki, belə məsələlər müvafiq yolla həll edilməlidir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio