ELM VƏ TƏHSİL
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti nömrəsi çap olunub
Bakı, 20 aprel, AZƏRTAC
“Filologiya və sənətşünaslıq” dərgisinin növbəti nömrəsi nəşr olunub.
Jurnalın bu nömrəsi AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylinin “Dədəm Qorqud: Azərbaycan ədəbiyyatının Homeri” sərlövhəli məqaləsi ilə açılır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Elm” nəşriyyatında çap olunan jurnalın bu nömrəsi “Ədəbiyyatşünaslıq”, “Dilçilik”, “Sənətşünaslıq”, “Resenziyalar”, “Yubileylər” və “Xronika” bölmələrindən ibarətdir. “Bələdçi” Azərbaycan, ingilis və rus dillərindədir.
Qeyd edək ki, jurnalın məsul katibi Həlimə Mehdiyeva, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubova, baş redaktor müavinləri AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və filologiya elmləri doktoru Əlizadə Əsgərlidir. Redaksiya heyətinə bir sıra akademiklər və AMEA-nın müxbir üzvləri, “Türkiyə, Rusiya, Belarus, Polşa və Gürcüstanın alimləri daxildir.
Jurnalda humanitar elmlər istiqaməti üzrə ədəbiyyatşünaslıq, Azərbaycan ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsi, müqayisəli ədəbiyyatşünaslıq, folklorşünaslıq, dilçilik, sənətşünaslıq, mətbuat tarixi və publisistika sahələri üzrə elmi-tədqiqat əsərləri dərc olunur.