İQTİSADİYYAT
“Forbes Georgia” və “Caspian Energy Club” əməkdaşlıq barədə memorandum imzalayıb
Bakı, 30 mart, AZƏRTAC
Martın 30-da “Forbes Georgia” nəşri ilə “Caspian Energy Club” arasında əməkdaşlıq haqqında memorandumun imzalanma mərasimi keçirilib. Memorandum çərçivəsində “Forbes Caspian Energy Special Edition” jurnalının bir neçə buraxılışının nəşri, həmçinin “Forbes Caspian Energy Forum” və “Forbes Caspian Energy Gala Dinner”in təşkili nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Tədbirdə Telman Əliyev qeyd edib ki, “Forbes Georgia” nəşri ilə “Caspian Energy Club” arasında əməkdaşlıq barədə memorandumun imzalanması tarixi hadisədir: “Biz Azərbaycan və Gürcüstan arasındakı iqtisadi və biznes əməkdaşlığı kimi gözəl ənənəni davam etdiririk. Artıq uzun müddət idi ki, gürcüstanlı dostlarımızla “Forbes” jurnalını birgə nəşr etdirmək ideyamız var idi. İmzalanmış memorandum Azərbaycan biznes nümayəndələrinə özlərini daha geniş və keyfiyyətli auditoriyaya tanıtmaq imkanı qazandıracaq. Bu, təkcə iri biznes nümayəndələrinə deyil, həmçinin iqtisadiyyatın müxtəlif sahələrindəki uğurlu startaplara da aiddir. “Forbes Caspian Energy Special Edition” jurnalının səhifələrində Azərbaycan şirkətlərinin aparıcı banilərinin və top-menecerlərinin uğur hekayələri barədə söhbət açılacaq. Əməkdaşlığımızın əsas və mühüm rolu Azərbaycanın müxtəlif regionlarına investisiya cəlb etməkdir. “Forbes Caspian Energy Special Edition” jurnalının hər nəşrində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərində aparılan işlərə xüsusi diqqət yetiriləcək. Bazar haqqında rəyin formalaşması üçün biz ekspert qismində Azərbaycanın Hökumət, nazirlik və qurumlarının üzvlərinin və beynəlxalq ekspertlərin mövqeyini dərc edəcəyik. Şübhəsiz ki, “Forbes Caspian Energy” layihəsi Azərbaycan və Gürcüstan biznesmenləri arasında əməkdaşlığın formalaşmasında və daha da dərinləşməsində mühüm rol oynayacaq. Fürsətdən istifadə edib təşəbbüsümüzü dəstəkləyən və “Forbes Caspian Energy” layihəsinin həyata keçməsində iştirak edən hər kəsə təşəkkür edirəm. Xüsusilə “Forbes Georgia”nın naşiri Maya Miridcanaşvilini, “Forbes Georgia”nın baş redaktoru Giorgi İsakadzeni, Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Zurab Qumberidzeni, layihənin baş məsləhətçiləri Laşa Şevardnadze və Rasim Mahmudovu qeyd etmək istəyirəm”.
Mərasimdə çıxış edən “Forbes Georgia”nın naşiri Maya Miridcanişvili qeyd edib ki, “Forbes Georgia” nəşriyyatı “Caspian Energy Club”dan olan azərbaycanlı həmkarları ilə “Forbes Caspian Energy Special Edition” nəşri üzərində birgə işləməkdən məmnundur.
“Forbes Georgia” jurnalı artıq 11 ildir ki, Gürcüstanda çap olunur, ölkənin aparıcı işgüzar nəşri və media platforması sayılır. Biz ümid edirik ki, bu əməkdaşlıq əlaqələri regionumuzda işgüzar münasibətləri daha da dərinləşdirmək imkanı yaradacaq və dəyişən dünya gündəmində yeni biznes əlaqələrinin başlanğıcı olacaq”.
“Forbes Georgia”nın baş redaktoru Giorgi İsakadze bildirib ki, “Sirr deyil ki, biz “Caspian Energy Club” ilə bir neçə il idi ki, ölkələrimizin daim müxtəlif ümumi və fərdi çağırışlar qarşısında qaldığı bir şəraitdə əməkdaşlıq formatlarını müzakirə edirdik. Şadam ki, bu əməkdaşlıq baş tutdu və bu iki regional brend - “Forbes Georgia” və “Caspian Energy Club” ölkələrimizin, həmçinin regionun biznes ictimaiyyəti üçün yeni biznes platforma yarada bilərlər. Hamımıza yaxşı məlum olan çağırışlara baxmayaraq, 2022-ci ildə biz yeni işgüzar fəallıq, kommunikasiya meydanının yaradılması və yeni layihələrin işə salınmasına kömək edən birgə biznes forumların keçirilməsi barədə razılığa gəldik. Tərəflər və partnyorlar ölkələrimizin biznes ictimaiyyətinin və regionun fəal istifadə edəcəkləri yeniliklər barədə məlumatlar təqdim etməyə razıdırlar”.
Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.