CƏMİYYƏT
Formula 1 Azərbaycan Qran-Prisinin iştirakçılarına və qonaqlara tibbi yardımın təmin edilməsi məqsədilə əmr imzalanıb
Bakı, 1 aprel, AZƏRTAC
Səhiyyə naziri Oqtay Şirəliyev aprelin 21-28-də Bakıda Formula 1 Azərbaycan Qran-Prisi yarışının keçirilməsi ilə bağlı tədbir iştirakçılarına və qonaqlara tibbi yardımın təmin edilməsi məqsədilə əmr imzalayıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əmrdə müvafiq şöbə və qurum rəhbərlərinə yarışın keçiriləcəyi ərazilərdə təcili tibbi yardım xidmətinin növbətçiliyinin təmin edilməsi, yarışın keçiriləcəyi müddət ərzində ehtiyac olduğu halda idmançıların və qonaqların müvafiq olaraq Mərkəzi Neftçilər Xəstəxanasına və Bakı şəhər Kliniki Tibbi Mərkəzinə hospitalizasiya edilməsi, tədbir iştirakçılarının və qonaqların müraciəti zamanı onlara yüksək səviyyəli tibbi yardımın göstərilməsinə dair tapşırıqlar verilir.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinə nümayəndə heyətləri üçün ayrılan mehmanxana və iaşə müəssislərində sanitariya-gigiyena qaydalarına əməl olunması məsələlərinin ciddi nəzarətə götürülməsi tapşırılır.