SİYASƏT
Forumun panel iclasında gənc liderlər dünyanı narahat edən məsələlər barədə fikir mübadiləsi aparıblar VİDEO
Bakı, 11 mart, AZƏRTAC
Martın 11-də IV Qlobal Bakı Forumu çərçivəsində keçirilən və maraqlı müzakirələrlə yadda qalan panel iclaslarından biri də “Gənclər danışır, biz dinləyirik” mövzusuna həsr edilib.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan, Kanada, Pakistan, ABŞ, Qırğızıstan, İndoneziya, Makedoniya, Türkiyə və Filippindən gənc liderlər çıxış ediblər.
Gənc liderlərin dünyadakı roluna həsr olunan panel iclasında qlobal problemlər, yeni çağırışlar barədə fikir mübadiləsi aparılıb, mövcud problemlərin həlli yolları müzakirə edilib.
İclasda çıxış edən gənclər Forumda müzakirə edilən məsələlərin böyük önəmə malik olduğunu deyiblər. Dünyada baş verən qlobal problemlərin həlli yollarının tapılması istiqamətində gənclərin də fikirlərinin, ideya və təkliflərinin öyrənilməsinin vacibliyi qeyd edilib. Bildirilib ki, Bakı Forumunda müzakirə olunan məsələlər dünyada işsizlik, miqrasiya, insan alveri və digər problemlərin həllinin araşdırılmasına əhəmiyyətli töhfə verəcək. Bir sözlə, dünyada sülhün və sabitliyin təmin olunmasına xidmət edən bu Forumun uğurlu nəticələri olacaq.
İclasda gənc liderlər dünyanın qaynar nöqtələrində davam edən gərginliklər, beynəlxalq terrorizmə, radikalizmə, ekstremizmə qarşı mübarizə, qaçqın problemi, enerji bazarındakı qeyri-sabitlik və bununla əlaqədar yaranan iqtisadi çətinliklər, multikultural dəyərlərin inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparıblar. Yaranmış vəziyyətdən çıxış yolları ilə bağlı gənc liderlərin səsləndirdikləri ideya və təkliflərin nəzərə alınmasının önəmi qeyd edilib.