CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub
Bakı, 18 oktyabr, AZƏRTAC
Oktyabrın 18-də Fövqəladə Hallar Nazirliyində (FHN) nazir müavini general-leytenant Etibar Mirzəyev “NATO günləri” çərçivəsində ölkəmizdə səfərdə olan Alyansın Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Qərargahında (SHAPE) Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, nazir müavini Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti və fövqəladə hallar zamanı milli idarəetmə sistemi haqqında qonaqlara məlumat verib. O, fövqəladə hallar sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və beynəlxalq humanitar əməliyyatlarda Azərbaycan Respublikasının təmsil olunması məqsədilə beynəlxalq axtarış-xilasetmə dəstəsinin yaradıldığını diqqətə çatdırmaqla yanaşı, qeyd olunan təlimin beynəlxalq dəstənin Beynəlxalq Axtarış-Xilasetmə Məşvərət Qrupunun (İNSARAG) sinifləndirilməsindən keçirilməsinə hazırlığında mühüm rol oynayacağını bildirib. Etibar Mirzəyev qeyd edib ki, Fövqəladə Hallar Nazirliyi NATO-nun təşkil etdiyi müvafiq beynəlxalq təlimlərdə iştirak edir və bu əməkdaşlıqda maraqlıdır. Həmçinin nazir müavini vurğulayıb ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub. Düşmən mütəmadi atəşkəsi pozmaqla və işğal altındakı ərazilərdə yanğınlar törətməklə məşğuldur. Yanğınların nəticəsi olaraq istər yaşayış məskənləri, istərsə də əkin sahələri daim təhlükə altındadır. Fövqəladə Hallar Nazirliyinin qüvvələri baş verən bu yanğınların nəticələrinin aradan qaldırılması məqsədilə gücləndirilmiş iş rejimində çalışır.
Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turan əməkdaşlığın inkişaf etdirilməsi və beynəlxalq təlimlərin hazırlığı ilə bağlı göstərilən birgə səylərin öz töhfəsini verəcəyindən əmin olduğunu ifadə edib. O, Fövqəladə Hallar Nazirliyinin beynəlxalq axtarış-xilasetmə, habelə təlimlərdə iştirakından məmnunluğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.