CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərində Anım Günü ilə əlaqədar tədbirlər keçirilib
Bakı, 27 sentyabr, AZƏRTAC
27 Sentyabr - Anım Günü ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) regional mərkəzlərində silsilə tədbirlər keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan anım tədbirlərində torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Qeyd edilib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu cəmi 44 gün ərzində 30 ilə yaxın müddətdə düşmən tərəfindən işğal altında saxlanılan əzəli torpaqlarımızı azad edib, ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Məhz Müzəffər Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, parlaq zəkası və dəmir iradəsi sayəsində rəşadətli Azərbaycan Silahlı Qüvvələri hərb tarixinin yeni və şanlı salnaməsini yazıb. Qəhrəman Ordumuzun misilsiz şücaəti, cəsur əsgər və zabitlərimizin işğal altında olan Vətən torpaqları uğrunda apardığı ölüm-dirim mübarizəsi sayəsində ərazi bütövlüyümüz bərpa olunub, haqq-ədalət öz yerini tapıb. Silahlı Qüvvələrimizin sentyabrın 27-də başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində təcavüzkar Ermənistan ordusu darmadağın edilib, düşmən kapitulyasiya sənədini imzalamaq məcburiyyətində qalıb.
Çıxış edənlər doğma torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda canlarını fəda etmiş qəhrəman əsgər və zabitlərimizin xatirəsini ehtiramla anıb, onların hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağını vurğulayıblar.