İDMAN
Françeska Skyavonedən daha bir möhtəşəm qələbə
Bakı, 24 iyul (AZƏRTAC). İtaliyalı Françeska Skyavone “Baku Cup 2014”də turnirində uğurlu çıxışı ilə diqqəti cəlb edir.
AZƏRTAC xəbər verir ki, dünya reytinqində 75-ci olan F.Skyavone səkkizdəbir final çərçivəsində qarşılaşdığı israilli tennisçi Culiya Qluşko ilə möhtəşəm matç keçirib. Dünya reytinqində 102-ci olan 24 yaşlı C.Qluşko ilə oyunda ilk seti daha üstün keçirən italiyalı tennisçi 6:3 hesabı ilə qələbə qazanıb. İkinci setdə C.Qluşko ciddi müqavimət göstərsə də oyunda dönüş yarada bilməyib. Tay-breykdə daha dəqiq oynayan F.Skyavone ikinci seti 7:6 hesabı ilə öz xeyrinə başa vurub.
Bu qələbə ilə dörddəbir finala yüksələn Françeska Skyavone çempionluq üçün iddialı olduğunu göstərib. O, dörddəbir finalda Kristina Mladenoviç (Fransa) - Donna Vekiç (Xorvatiya) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.