SİYASƏT
Fransa saytı Azərbaycan-Fransa münasibətlərindən bəhs edən məqalə yayıb
Bakı, 14 mart, AZƏRTAC
Fransanın www.mediapart.fr saytı Azərbaycan-Fransa münasibətlərindən bəhs edən məqalə yayıb. Sayt Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manselin fikirlərinə geniş yer verib.
Prezident İlham Əliyevin martın 13-14-də Fransaya rəsmi səfərinə toxunan Jan-Fransua Mansel bildirir ki, bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 ili tamam olur. Ötən illər ərzində Fransa-Azərbaycan münasibətləri davamlı şəkildə inkişaf edib. Azərbaycan Fransanın Cənubi Qafqazda əsas tərəfdaşı olaraq qalır. Hazırda Azərbaycanda 70-ə yaxın fransız şirkəti fəaliyyət göstərir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən J.F.Mansel vurğulayır ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı 7 rayonu işğal edib. Bu silahlı təcavüz nəticəsində 1 milyondan çox azərbaycanlı doğma yurd-yuvasından didərgin düşüb, bəşər tarixinin ən qanlı cinayətlərindən olan Xocalı soyqırımı törədilib. Bu qətliamın törədilməsində Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın birbaşa əli olub.
Azərbaycanın Dostları Assosiasiyasının prezidenti ölkəmizdə demokratik mühitin mövcud olduğunu bildirərək yazır: “Azərbaycanda seçki yolu ilə qanuni hakimiyyət qurulub, 1918-ci ildə qadınlara seçki hüququ verilib, 1998-ci ildə ölkədə ölüm hökmü ləğv olunub, müxtəlif dinlərin və millətlərin nümayəndələri burada sülh və qarşılıqlı anlaşma şəraitində yaşayırlar”.