DÜNYA
Fransada polis və jandarmların sayı artırılacaq
Paris, 8 sentyabr, AZƏRTAC
Kibertəhlükəsizlik, “Paris-2024” Yay Olimpiya Oyunları, məişət zorakılığına qarşı mübarizə məqsədilə Fransada 8500 yeni polis və jandarm postu yaradılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Fransanın Baş naziri Elizabet Born məlumat verib. Baş nazir Daxili İşlər Nazirliyinin istiqamətləndirmə və proqramlaşdırma qanun layihəsi çərçivəsində qarşıdan gələn 5 il müddətində ölkədə 8500 yeni jandarm və polis postunun yaradılacağını bildirib. Bu istiqamətdə gələn il 3000 polis və jandarm postunun yaradılacağı planlaşdırılıb.
Qeyd edilib ki, 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunları yüksək risklidir. Olimpiya Oyunları üçün Paris polis qərargahına 1000 yeni polis təyin ediləcək. Qanun pozuntusu və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə gücləndiriləcək.
Təhlükəsizliyin təmin edilməsi lazım olan digər prioritet sahə - məişət zorakılığı ilə mübarizə sahəsində də işçilərin sayı 2 dəfə artırılıb və 2000 əlavə müstəntiq işə götürülüb.
Həmçinin kibertəhlükəsizliyin təmin edilməsi üçün rəqəmsal sahəyə təxminən 7 milyard avrodan çox vəsait ayrılıb. Yeni avadanlığın alınması, daha səmərəli proqram təminatı və kriptovalyutalar üzrə daha çox araşdırma üzrə ixtisaslaşmış kadrların hazırlanmasını gücləndirmək üçün kiber məktəblərin yaradılması elan edilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris