CƏMİYYƏT
Füsunkar təbiəti Şuşanı Qarabağın incisinə çevirib
Bakı, 11 sentyabr, AZƏRTAC
Birinci dəfədir ki, Şuşaya səfər edirik. Amma bizə elə gəlir ki, bu şəhərdə böyümüşük. Şuşa bizə doğmadan da doğmadır.
Bunu AZƏRTAC-a müsahibəsində Şuşada səfərində olan Erasmus Tələbə Şəbəkəsi Azərbaycan İctimai Birliyinin sədri Orduxan Qəhrəmanzadə deyib.
Azərbaycanın qüdrət rəmzi olan Şuşanın qədim tariximizi özündə yaşatdığını bildirən O. Qəhrəmanzadə onun milli mədəniyyətimizin mərkəzi, poeziyamızın və musiqimizin beşiyi olduğunu qeyd edib.
Gözəl, bənzəri olmayan bu qədim diyarın abidələr şəhəri olduğunu qeyd edən fəal gənc bu ərazidə tariximizin dərin qatlarını əks etdirən çoxlu abidələrin qeydə alındığını bildirib: “Erməni vandalları qədim abidələrimizi yer üzündən silmək istəsələr də, buna nail ola bilməyiblər. Səfər çərçivəsində gənclərimiz Şuşanın ən görkəmli yerləri ilə tanış oldular. Füsunkar təbiəti Şuşanı Qarabağın incisinə çevirib”.