İDMAN
Futbol üzrə dünya çempionatı keçirilməsinə Qətərin xərcləri Rusiyanın xərclərindən 10 dəfə çox olacaqdır
Bakı, 11 iyul (AZƏRTAC). Qətər dövləti 2022-ci ildə futbol üzrə dünya çempionatının keçirilməsinə 200 milyard dollar xərcləməyi planlaşdırır. Bu məbləğ mütləq rekord göstəricisi olmalıdır. Müqayisə üçün deyək ki, 2018-ci ildə Rusiyada keçiriləcək mundialın büdcəsi təxminən 10 dəfə azdır.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, ilk baxışda ağlasığmaz görünən 200 milyard dollar barədə məlumatı məşhur “Deloitte” auditor şirkəti dərc etmişdir. Şirkət bu faktı dəqiqləşdirərək izah edir ki, həmin məbləğin 140 milyardı nəqliyyat infrastrukturunun, o cümlədən metropoliten və yeni aeroportlar tikintisinin payına düşür. Turizm sahəsinə 20 milyard dollar xərclənəcəkdir.
Əhalisinin sayı 2 milyon olan Qətər çempionat dövründə dünyanın bütün ölkələrindən 400 min azarkeş qəbul etməyi planlaşdırır. Gözlənildiyinə görə, dünya çempionatına qədər burada 6 yeni stadion tikiləcək, 2 arena yenidən qurulacaqdır. Bundan əlavə sahəsi 2000 kvadrat kilometr olan süni ada yaradılması planlaşdırılır. Azarkeşlər həmin adaya xüsusi su taksiləri ilə gedəcəklər.
Turnirə hazırlıq üzrə layihədə əvvəlcə kondisioner və süni buludlarla təchiz olunmuş stadionlar tikilməsi nəzərdə tutulurdu. Lakin deyəsən şeyxlər bir qədər qənaət edə biləcəklər. Son bəyanatlardan görünür ki, 2022-ci il dünya çempionatını qış fəslində keçirməyə hazırlaşırlar, çünki həmin aylarda Qətərdə hava xeyli sərin olur.
Hələlik bu barədə rəsmi məlumat verilməmişdir. Çempionat üçün xərclərin dəqiq məbləği həm də onun keçiriləcəyi müddətdən asılı olacaqdır.