İDMAN
Futbol üzrə Topaz Premyer Liqasının XIV turuna yekun vurulmuşdur
Bakı, 26 noyabr (AZƏRTAC). Futbol üzrə Topaz Premyer Liqasının XIV turuna yekun vurulmuşdur.
AZƏRTAC xəbər verir ki, “AZAL Arena”da AZAL komandası “Sumqayıt”ı qəbul etmişdir. Qarşılıqlı hücumlar şəraitində keçən matç 1:1 hesablı heç-heçə ilə başa çatmışdır. AZAL-ın heyətində Zohair Benouahi, rəqib komandadan isə Pərdis Fərcad Azad fərqlənmişlər.
Bayıl stadionunda “Rəvan”-“Qəbələ” oyunu keçirilmişdir. Qonaq komandanın üstünlüyü şəraitində keçən oyun “Qəbələ”nin 3:1 hesablı qələbəsi ilə başa çatmışdır.
Baş hakim Fariz Yusifovun idarə etdiyi oyunda “Qəbələ”nin heyətində Viktor Mendi, Rəşad Abdullayev və Lourival Assis fərqlənmişlər. “Rəvan”ın yeganə qolunu isə Tofiq Mikayılov vurmuşdur.
“Bakı” öz təlim-məşq bazasında Azərbaycan çempionu “Neftçi” komandasını qəbul etmişdir. Oyun “Neftçi”nin 2:1 hesablı üstünlüyü ilə bitmişdir. “Neftçi”nin heyətində Nikolas Kanales, Flavinyo, rəqib komandadan isə Elvin Məmmədov fərqlənmişlər.