İDMAN
Futbol üzrə Topaz Premyer Liqasının XIV turunun oyunlarına start verilmişdir
Bakı, 25 noyabr (AZƏRTAC). Noyabrın 24-də futbol üzrə Topaz Premyer Liqasının XIV turunun oyunlarına start verilmişdir.
AZƏRTAC xəbər verir ki, Gəncə şəhər stadionunda “Kəpəz” komandası “Xəzər-Lənkəran” kollektivini qəbul etmişdir. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda “Xəzər-Lənkəran”ın futbolçusu Branimir Subaşiç vurduğu qol ilə komandasına 1:0 hesablı qələbə qazandırmışdır.
Zaqatala şəhər stadionunda “Simurq”-“İnter” oyunu keçirilmişdir. Rəqibini 1:0 hesabı ilə məğlub edən “Simurq” komandası turnir cədvəlinin birinci pilləsinə yüksəlmişdir. Oyunda Zdravko Papoviç fərqlənmişdir.
Tofiq Bəhramov adına Respublika stadionunda isə “Qarabağ” və “Turan” komandaları qarşılaşmışlar. Qarşılıqlı hücumlar şəraitində keçən matç heç-heçə başa çatmışdır – 1:1. Oyunda “Turan”ın heyətində Salif Ballo fərqlənmişdir. Komandanın digər futbolçusu Mikayıl Rəhimov isə avtoqolla yadda qalmışdır.