REGİONLAR
Füzuli rayonunun daha iki kəndinə təbii qaz verilib
Füzuli, 28 avqust, AZƏRTAC
Füzuli rayonunun yaşayış məntəqələrinin təbii qazla təchiz olunması istiqamətində tədbirlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, avqustun 28-də rayonunun Araz Dilağarda və Araz Zərgər kəndlərinə təbii qaz verilib. Bu münasibətlə keçirilən mərasimlərdə rayon ictimaiyyətinin nümayəndələri, Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri və kənd sakinləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər sakinləri kəndlərə təbii qazın verilməsi münasibətilə təbrik edib, rayonda gedən sosial-iqtisadi inkişafdan, əhalinin sosial rifah halının yaxşılaşdırılması, istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, yaşayış məntəqələrinin qazlaşdırılması sahəsində həyata keçirilən tədbirdən danışıblar. Bildirilib ki, rayonun 39 yaşayış məntəqəsindən 37-i artıq qazlaşdırılıb. 4 və 5 nömrəli Qayıdış qəsəbələrinə qaz çəkilişi isə yaxın günlərdə yekunlaşacaq. Bununla da Füzuli rayonunun bütün yaşayış məntəqələrinin qazlaşdırılması başa çatacaq.
Məlumat verilib ki, 289 abonenti olan Araz Dilağarda və Araz Zərgər kəndlərində birpilləli sistem əsasında ümumilikdə 24 min 528 metr uzunluğunda müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 289 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri kəndlərin mavi yanacaqla təmin olunmasına görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb.