ELM VƏ TƏHSİL
GEANT Assosiasiyasının baş direktoru İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyəti ilə tanış olub
Bakı, 27 sentyabr, AZƏRTAC
Dünyada internetin yaranması və inkişafında, eləcə də internet ideologiyasının yayılmasında mühüm xidmətləri olan, GEANT Assosiasiyasının baş direktoru Erik Hayzer sentyabrın 28-29 Bakıda keçiriləcək “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı” (EaPEC 2022) çərçivəsində Azərbaycanda səfərdədir.
E.Hayzer ölkəmizə səfər çərçivəsində AMEA İnformasiya Texnologiyaları İnstitutunun qonağı olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə akademik Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutunun yaranma tarixi və əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. İnstitutun 1971-ci ildən fəaliyyət göstərdiyini, ölkənin ilk dəfə internetə çıxışının 1991-ci ildə məhz bu qurumda bir qrup alim və mütəxəssis tərəfindən həyata keçirildiyini diqqətə çatdırıb. Həmçinin ölkədə ilk veb-sayt olan - science.gov.az-ın 1995-ci ildə İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən yaradıldığını bildirib.
Sonra akademik Azərbaycanın ilk internet şəbəkəsi olan “AzSciencenet”in fəaliyyətindən bəhs edib. Azərbaycan elmi və təhsilinin Avropa mühitinə inteqrasiyasının təmin edilməsində virtual körpü rolunu oynayan “AzScienceNet” şəbəkəsi vasitəsilə AMEA-nın bütün elmi müəssisə və təşkilatlarına qabaqcıl şəbəkə texnologiyaları və xidmətlərinin təqdim edildiyini deyib.
“AzScienceNet”in “EaPConnect” layihəsində iştirakının Azərbaycanın tədqiqat və təhsilinə faydalar gətirdiyini vurğulayan akademik R.Əliquliyev Azərbaycan dövlətinin Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsini dəstəklədiyini vurğulayıb. Azərbaycan elminin GEANT-ın təqdim etdiyi bütün imkanlardan, resurs və xidmətlərdən səmərəli istifadəsinin, nüfuzlu beynəlxalq elmi bazalara çıxışının təmin edilməsinin qarşıda duran əsas vəzifələrdən olduğunu diqqətə çatdırıb. Akademikin sözlərinə görə, alim və mütəxəssislərimiz GEANT Assosiasiyasının təşkil etdiyi seminar və konfranslarda, müxtəlif tədqiqat proqramlarında fəal iştirak etməli, birgə layihələrin həyata keçirilməsində maraqlı olmalıdırlar.
Sonra çıxış edən Erik Hayzer elm və təhsil sahəsində Azərbaycan ilə əməkdaşlığa önəm verdiyini qeyd edərək “AzScienceNet” şəbəkəsinin GEANT ilə əlaqələrini yüksək qiymətləndirib. O, “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı”ndan sonra bu əlaqələrin daha da möhkəmlənəcəyinə, Azərbaycan elminin Avropa elmi mühitinə inteqrasiyası istiqamətində müsbət nəticələrin əldə olunacağına əminliyini ifadə edib.
E.Hayzer “AzScienceNet” şəbəkəsinin Avropanın elm və təhsil sahəsindəki resurs və xidmətlərindən daha səmərəli istifadəsinin təmin edilməsi, Azərbaycan gənclərinin “Erasmus+” mübadilə proqramında iştirakının təmin olunması, eləcə də Avropada fəaliyyət göstərən tədqiqatçıların Azərbaycana gəlməsi üçün lazımi köməyi göstərməyə hazır olduğunu bildirib: “Həm Avropa, həm də Azərbaycan ikitərəfli əlaqələrin inkişafına təşəbbüs göstərməli, əməkdaşlığı daha da möhkəmləndirməlidir. “EaPEC 2022” konfransının əsas məqsədi də məhz budur”.
Daha sonra GEANT-ın baş direktoru institutun Tədris-İnnovasiya Mərkəzi, ən müasir texnologiyalarla təchiz edilmiş Multimedia Mərkəzi, Elektron Kitabxana Mərkəzi və İnternet-kafenin fəaliyyəti, o cümlədən “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzi və Elektron Elm Mərkəzinin binasının inşası prosesi ilə tanış olub.
İnstitutun elmi fəaliyyətini, burada yaradılan şəraiti yüksək qiymətləndirən E.Hayzer görülən işlərin innovativ elmi nəticələrin əldə olunması və birgə əməkdaşlığın inkişafı baxımından böyük əhəmiyyət kəsb etdiyini söyləyib.