REGİONLAR
“Gələcək üçün bacarıqlar” komandası Azərbaycan Texnologiya Universitetində olub
Gəncə, 21 fevral, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Texnologiya Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi tərəfindən reallaşdırılan “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində görüş keçirilib. Görüşdə qonaq qismində İnnovasiyalar Mərkəzinin Layihələrin idarə edilməsi departamentinin müdiri və layihənin rəhbəri Şəbnəm Məmmədova və layihə komandası iştirak edib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, görüş zamanı Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov universitetin innovasiya potensialının inkişafı baxımından layihədə iştirakın əhəmiyyətindən və əməkdaşlığa daim açıq olduqlarından danışıb.
Sonra komanda üzvləri layihənin komponentləri, gedişatı və növbəti mərhələləri, həmçinin mart ayından başlayacaq “Mentorluq proqramı”na hazırlıq işləri barədə məlumat verib.
Layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə mentorluq proqramını və mentorların iştirakı ilə tələbələrin startap kimi yetişdirilməsi üzrə inkubasiya proqramlarını əhatə edən 2 komponentdən ibarətdir.
“Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsidir. Eyni zamanda innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilmələri əsas hədəflərdir.