ELM VƏ TƏHSİL
“Gənc riyaziyyatçıların intellekt müsaqibəsi”nin qalibləri müəyyənləşib
Bakı, 26 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) akademik Azad Mirzəcanzadənin xatirəsinə həsr olunan “Gənc riyaziyyatçıların intellekt müsabiqəsi”nin final mərhələsi keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin məntiqi riyaziyyat dərnəyinin üzvləri arasında 2 yaş qrupu (10-11 və 12-14) üzrə keçirilən müsabiqəyə 100-ə yaxın məktəbli qatılıb.
Müsabiqənin sonunda I, II, III yerlərin qalibləri diplom və hədiyyələrlə, fərqlənən dərnək üzvləri isə fəal iştirakına görə diplomla təltif olunublar.
Tədbirdə Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Qeyrət Şirəliyev, ADNSU-nun prorektoru Ata Babayev, həmin universitetin və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları iştirak ediblər.