CƏMİYYƏT
Gəncə gəncləri Dayanıqlı İnkişaf Məqsədləri maarifləndirmə həftəsini uğurla başa vurublar
Bakı, 12 may, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Gəncə nümayəndəliyinin həyata keçirdiyi Dayanıqlı İnkişaf Məqsədləri maarifləndirmə həftəsinin sonuncu günündə təlim və vorkşop təşkil olunub.
GİKM-dən AZƏRTAC-a bildiriblər ki, Dayanıqlı İnkişaf Məqsədlərinin yaranma tarixi, planetimiz və insanlar üçün əhəmiyyəti, bu məqsədlərə nail olmaqla bağlı atılan addımlar və hər bir fərdin üzərinə düşən öhdəliklər təlimdə əsas mövzular kimi keçirilib.
Təlimin ikinci hissəsində gənclər komandalar şəklində bir ölkə seçərək onun üçün beş prioritet Dayanıqlı İnkişaf Məqsədlərini müəyyənləşdiriblər. Yekunda, bu məqsədlərə nail olmaq üçün təkliflərini auditoriya qarşısında təqdim ediblər.
Təlim Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycanda təhsil almış və ABŞ-də təcrübə keçmiş, GİKM-in Regionların İnkişaf Departamentinin əlaqələndiricisi Ünalə Tağıyeva tərəfindən tədris olunub.
Bundan əlavə, Dayanıqlı İnkişaf Məqsədləri maarifləndirmə həftəsində təşkil edilən bütün fəaliyyətlər - sorğu, videoçarx, təlimlər, klub görüşləri ümumilikdə 900-dən çox gənci əhatə edib.