REGİONLAR
Gəncə Memorial Kompleksi ermənilərin hərbi cinayətlərinin dünyaya çatdırılmasında əhəmiyyətli rol oynayacaq
Gəncə, 7 fevral, Elcan Məmmədov, AZƏRTAC
Regionların inkişafı Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətidir. Bu gün təkcə işğaldan azad edilmiş ərazilərdə deyil, bütün bölgələrin inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir və dövlət başçısının bu, diqqət mərkəzindədir. Yanvarın 30-da Prezident İlham Əliyevin Gəncəyə 18-ci dəfə səfər etməsi Azərbaycanın hərtərəfli inkişafı konsepsiyasının tərkib hissəsidir.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə söyləyib.
O bildirib ki, səfər çərçivəsində Gəncə Memorial Kompleksinin təməli qoyulub. Təxminən 4 hektar ərazidə yaradılacaq Memorial Kompleks erməni vəhşiliyinin əyani sübutu olaraq əbədiləşəcək. 44 günlük müharibə zamanı terror hücumuna məruz qalan gəncəlilərin xatirəsini əziz tutan ölkə başçısının həmin ərazini ziyarət etməsi, orada Memorial Kompleksin əsasını qoyması və düşmənə, havadarlarına xəbərdarlıqlarını da məhz o ünvandan səsləndirməsi dünyaya çox mühüm mesaj oldu.
“44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun gücü qarşısında aciz qalan təcavüzkar Ermənistan hərbi cinayətlər törədərək yaşayış məntəqələrini atəşə tutur, mülki şəxsləri hədəfə alırdı. Ermənilərin hədəflərindən biri də döyüş bölgəsindən xeyli uzaqda olan Gəncə şəhəri idi. Ermənistanın hərbi-siyasi rəhbərliyi bu əməlləri ilə bəşəri dəyərləri, humanizm prinsiplərini ayaqlar altına atır, beynəlxalq qanunvericiliyi, Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozurdu. 2020-cil il oktyabrın 4-dən etibarən hərbi əməliyyatlar zonasından xeyli kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncə erməni vandalları tərəfindən davamlı raket atəşinə tutuldu. Gəncənin infrastrukturuna ciddi ziyan dəydi, dinc sakinlər həlak oldu, yaralandı, tarixi abidələr zərər gördü,”- deyə P.Kərimzadə deyib.